1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti tariximizin parlaq səhifəsidir
H.Ə.Əliyev
28 May. Bu gün tariximizə
Respublika günü kimi daxil olmuşdur. Xalqımız hər il bu günü böyük təntənə ilə
bayram edir. Çünki həmin gün - 1918-ci il mayın 28-də bütün müsəlman Şərqində
birinci olaraq bizim Vətənimizdə demokratik respublika yaranmış, xalqımız
azadlığa çıxmışdı.
1917-ci ilin fevralında Rusiyada xalq
çarı devirdi. Oktyabr ayında isə burada Sovet dövləti adlanan bir dövlət
yaradıldı. Bundan bir qədər sonra Zaqafqaziya Sovet Rusiyasından ayrıldı,
müstəqil respublika elan edildi. Ayrıca Zaqafqaziya hökuməti yaradıldı. Lakin
bu hökumətə daxil olan Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri
arasında birlik yox idi. Ona görə də tezliklə dağıldı.
Əvvəlcə Azərbaycanın Müvəqqəti Milli
Şurası yaradıldı. Xalqımızın böyük oğlu Məmmədəmin Rəsulzadə onun sədri
seçildi. Milli Şura 1918-ci il mayın 28-də axşam saat 8-ə on dəqiqə işləmiş
Azərbaycanın azadlığa çıxdığını elan etdi. Azərbaycanın istiqlalını, yəni
azadlığını bəyan edən bu sənəd tarixdə "İstiqlal bəyannaməsi" adlanır.
"İstiqlal
bəyannaməsi"ndə Azərbaycan həmin gündən - 1918-ci il may ayının 28-dən eti barən müstəqil dövlət elan olunurdu. Burada bildirilirdi ki, müstəqil
Azərbaycan dövləti Xalq Cümhuriyyəti (respublika) şəklində idarə olunacaqdır.
Bu, o demək idi ki, Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan xalqının seçdiyi
adamlar idarə edəcəkdi. Elə buna görə də müstəqil Azərbaycan dövləti Azərbaycan
Xalq Cümhuriyyəti (Azərbaycan Xalq Respublikası) elan edildi. Demokratik bir
dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dünyada Azərbaycan Demokratik Respublikası
(ADR) kimi tanındı.
1920-ci il aprelin 28-də Azərbaycan
Xalq Cümhuriyyəti devrildi. Azərbaycan xalqının müstəqil bir dövlət halında yaşaması
baş tutmadı.